Haqqımızda

Ədliyyə naziri yanında İctimai Komitə ədliyyə sistemdə ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə 22 sentyabr 2006-cı il tarixdə formalaşdırılmışdır.

Tərkibi nüfuzlu hüquq müdafiəçilərindən ibarət olan İctimai Komitənin işi “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin sənəd əvvəllər ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli Əmri ilə, daha sonra yeni qanunvericiliyin tələblərinə uyğun olaraq nazirliyin Kollegiyasının 29 dekabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Qaydalara nazirliyin Kollegiyasının 13 iyul 2012-ci il və 27 avqust 2014-cü il tarixli Qərarları ilə müvafiq dəyişikliklər edilmişdir.

Qaydalara uyğun olaraq İctimai Komitəyə namizədlərin seçilməsi məqsədilə Ədliyyə Nazirliyi Kollegiyasının 26 may 2006-cı il tarixli Qərarı ilə yaradılmış tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət Seçki Komissiyası tərəfindən müsabiqənin keçirilməsi barədə geniş ictimaiyyətə məlumatlar verilir, müvafiq təşkilatların proqram və təklifləri qəbul olunur.

Ötən dövrdə obyektiv və ədalətli seçim nəticəsində İctimai Komitənin bütövlükdə səkkiz tərkibi formalaşdırılmışdır (birinci seçim 2006-cı il sentyabrın 22-də, sonuncu seçim 2015-ci il iyunun 25-də baş tutmuşdur).

Komitənin üzvləri azadlıqdan məhrum etmə yerlərinə maneəsiz buraxılması üçün  ədliyyə naziri tərəfindən imzalanmış xüsusi vəsiqələrlə təmin olunmaqla, onların ayrı-ayrı cəzaçəkmə müəssisələrinə mütəmadi başçəkmələrinə şərait yaradılır.

İctimai Komitə tərəfindən başçəkmələr zamanı məhkumlarla görüşlər təşkil olunur, monitorinq predmetinə aid olan geniş spektrli məsələlərə diqqət yetirilir, nəticələr üzrə nazirlik tərəfindən işlənib hazırlanmış xüsusi rəy formasından istifadə olunaraq müvafiq tövsiyələri əks etdirən hesabatlar təqdim edilir. Bununla əlaqədar nazirlik tərəfindən zəruri işlər görülür.

Komitə həmçinin penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılmasını müşahidə edərək məhkumların islah olunması komponentinə də diqqət yetirir, onlara müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərir. Eyni zamanda, azadlıqdan məhrumetmə yerlərində mədəni-kütləvi və maarifləndirici (müxtəlif treninqlər, seminarlar və s.) tədbirlər keçirilir, müəssisələrin kitabxana fondu hüquqi və bədii ədəbiyyatla zənginləşdirilir, əfv və amnistiya aktlarının icrası prosesində yaxından iştirak edilir.

Bununla yanaşı, İctimai Komitənin üzvləri nazirlik tərəfindən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar. Bu məqsədlə hüquq müdafiəçiləri Komissiyanın digər üzvləri ilə birlikdə cəzaçəkmə müəssisələrinə səfər edərək, məhkumlarla görüşlər keçirir, onların şəxsi işləri ilə tanış olur, maarifləndirmə və izahat işini aparır, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya daha yüngül rejimli cəzaçəkmə müəssisəsinə keçirilmənin mümkünlüyü barədə rəy verirlər.

“İctimai iştirakçılıq haqqında” Qanunun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsinə təkan vermiş, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilmiş, o cümlədən səlahiyyət müddəti artırılmış və Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur.

Belə ki, Komitə üzvləri tərəfindən Ədliyyə Nazirliyinin təşkil etdiyi beynəlxalq səviyyəli tədbirlərdə, mətbuat konfranslarında, “açıq qapı” günlərində, nazirliyin kollegiya iclaslarında, müşavirə və seminarlarda, qulluğa qəbulla bağlı imtahanlarda (test və söhbət mərhələsində) iştirak olunur. Həmçinin, vətəndaş cəmiyyəti institutları nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar və bu zaman onlar ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər.

Beynəlxalq təşkilatların hesabatlarında İctimai Komitənin fəaliyyətinə yer verilir, ölkəmizin iştirakçısı olduğu beynəlxalq konvensiyalar üzrə dövri məruzələr hazırlanarkən Komitənin işi qeyd olunur, statistik rəqəmlər göstərilir.

İctimai Komitə vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlıq modeli kimi qəbul olunur və müsbət təcrübəsi BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb edir.