Ədliyyə fəaliyyətində ictimai nəzarət mexanizmi uğurla tətbiq olunur

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağa çağırır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağa çağırır.

Bu məqsədlə Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir, 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb və Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur.

Vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi təqdir olunan İctimai Komitə ötən dövrdə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsmanın Milli preventiv mexanizm qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəsissələrinə bütövlükdə 315-dən artıq başçəkmə həyata keçirib, məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, müvafiq tövsiyələr verib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb, ictimaiyyətə müntəzəm açıqlamalar verilib.

Eyni zamanda, fəaliyyətinin ilk illərində monitorinq prosesinə daha çox üstünlük verən İctimai Komitə son illər penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılmasını müşahidə edərək sonrakı və hazırkı dövrdə daha çox məhkumların islah olunması komponentinə diqqət yetirib və 1600-ə yaxın məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərib.

Həmçinin, Komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar. Bu məqsədlə Komissiyanın digər üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 170-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib, həqiqi islah yoluna qədəm qoymuş 2900-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 96%-i müsbət həll edilib.

Bununla yanaşı, Komitə üzvləri onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq ədliyyə fəaliyyəti üzrə müxtəlif tədbirlərdə, o cümlədən Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı və söhbət mərhələsində) yaxından iştirak edirlər. Həmçinin, ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə “açıq qapı” günləri keçirilir, vətəndaş cəmiyyəti institutları nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar və həmçinin, bu zaman onlar ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər.

İctimai Komitənin işinin səmərəliliyinin artırılması məqsədilə mütəmadi olaraq nazirliyin rəhbərliyi və onu formalaşdıran Seçki Komissiyası ilə görüşlər keçirilərək fəaliyyəti ilə bağlı təhlillər aparılır, qiymətləndirilir və tövsiyələr verilir.

Cari il iyunun 12-də İctimai Komitənin iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə iyunun 9-da Beynəlxalq Mətbuat Mərkəzində hesabat görüşü keçirilib.

İclasda Komitənin hazırki tərkibinin fəaliyyəti dövründə gördüyü işlər barədə məlumat dinlənilib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi vurğulanıb, Komitənin ədliyyə sistemində səmərəli ictimai nəzarət mexanizmi kimi fəaliyyəti qeyd olunub.

Bildirilib ki, Komitənin yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilərək qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunublar.

Eyni zamanda, qurumun hesabatına dair faydalı fikir mübadiləsi aparılıb, Seçki Komissiyası tərəfindən diqqət yetirilməsi vacib olan məsələlər müzakirə olunub, Komitənin işinin daha da canlandırılması, şəffaflığının daha da artırılması, qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimai iştirakçılığın müxtəlif formaları  ilə bağlı tövsiyələr verilib.

Tədbirdə qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.