Ədliyyə naziri yanında İctimai Komitənin hesabat yığıncağı

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Bu məqsədlə Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir, 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.

Ötən dövrdə Komitənin fəaliyyəti xeyli təkmilləşdirilib, o cümlədən “İctimai iştirakçılıq” haqqında Qanuna uyğun olaraq səlahiyyətləri genişləndirilib, həmçinin qurumun ayrıca internet səhifəsi yaradılaraq fəaliyyət göstərir.

Müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirir, məhkumların islah prosesində, onlara hüquqi yardımın göstərilməsində, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində fəal iştirak edir. Eyni zamanda, Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə Komitə üzvlərinin iştirakları təmin olunur, birgə “açıq qapı” günləri keçirilir, vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlərə cəlb olunurlar.

Ötən dövrdə İctimai Komitə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsmanın Milli preventiv mexanizm qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəssisələrinə 340-dək başçəkmə həyata keçirib, məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, 2000 nəfərdən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərib.

Həmçinin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində nazirlik tərəfindən yaradılmış Komissiyanın üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 320-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib, həqiqi islah yoluna qədəm qoymuş 7.000-dən çox məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib və həmin şəxslər arasında residiv hallarının sayı xeyli azalıb.

Vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi İctimai Komitə özünü doğruldur, müsbət təcrübəsi BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb edir.

Komitənin işinin səmərəliliyinin artırılması daim diqqətdə saxlanılır, mütəmadi olaraq nazirliyin rəhbərliyi və onu formalaşdıran Seçki Komissiyası ilə görüşlər keçirilərək fəaliyyəti ilə bağlı təhlillər aparılır, qiymətləndirilir və tövsiyələr verilir.

Cari il iyun ayının sonlarında qurumun iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə İctimai Komitə üzvlərinin iyunun 21-də Beynəlxalq Mətbuat Mərkəzində hesabat görüşü keçirilib.

İclasda Komitənin hazırkı tərkibinin fəaliyyəti dövründə gördüyü işlər barədə məlumat dinlənilib, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi vurğulanıb, Komitənin ədliyyə sistemində səmərəli ictimai nəzarət mexanizmi kimi fəaliyyəti qeyd olunub.

Bildirilib ki, Komitənin yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilərək qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunublar.

Eyni zamanda, qurumun hesabatına dair faydalı fikir mübadiləsi aparılıb, Seçki Komissiyası tərəfindən diqqət yetirilməsi vacib olan məsələlər müzakirə olunub, Komitənin işinin daha da canlandırılması, şəffaflığının daha da artırılması, qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimai iştirakçılığın müxtəlif formaları  ilə bağlı tövsiyələr verilib.

Tədbirdə qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.

İctimai Komitənin məlumatı